Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində region qiymətləndiricilərinin beynəlxalq konfransı keçirilir. Tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan və Şimali Kipr kimi Türk dövlətləri ilə yanaşı, Gürcüstan qiymətləndiriciləri və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Konfransda ölkəmizi Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi başda olmaqla, 10 nəfərdən ibarət tərkibdə nümayəndə heyəti təmsil edib.
Konfransın mahiyyəti türk dövlətləri və digər region ölkələrinin qiymətləndiriciləri arasında əlaqələrin genişləndirilməsi, faydalı və qarşılıqlı münasibətlərin qurulması, mümkün birgə fəaliyyət mexanizmlərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması, ümumilikdə qiymətləndirmə sektorunun problemləri və müasir dövrün tələblərinə cavab verən qiymətləndirmə standartlarının müzakirəsindən ibarət olub. Konfransda qonaq qismində yeddi ölkədən və beynəlxalq təşkilatlardan 100-dən çox nümayəndə iştirak edib.
Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədri Nüsrət İbrahimov konfransda çıxış edərək yeni yaranan AQP haqqında məlumat verib, həmçinin Beynəlxalq Qiymətləndirmə Standartlarının 2025-ci il üzrə yanaşma və metodlarına dəyişikliklərin tətbiqi mövzusunda məruzə edib.
Həmçinin ev sahibi olan Özbəkistan Qiymətləndiriciləri Təşkilatının rəhbərliyinə ölkəmizin milli dəyərlərini əks etdirən hədiyyələr təqdim edilib.
Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri ilə qardaş ölkələrdən olan həmkarlar arasında ayrılıqda görüşlər keçirilib, müzakirələr aparılıb, təcrübə mübadiləsi edilib.