26 fevral 1992-ci il tarixində baş verən Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli və faciəli hadisələrdən biri olaraq qalır. Bu qanlı gecədə dinc əhaliyə qarşı törədilən vəhşiliklər nəinki Azərbaycan xalqının, eyni zamanda bütün insanlığın yaddaşına silinməz iz buraxıb. Azərbaycan Qiymətləndiricilər Palatası olaraq, bu ağrılı gün münasibətilə Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edildi. Palatanın rəhbərliyi və əməkdaşları 26 fevral – Xocalı soyqırımı anım günü münasibətilə bir dəqiqəlik sükutla şəhidlərin ruhunu anaraq, onların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı mesajı ünvanladılar. Palatanın bəyanatında qeyd olunur ki, Xocalı soyqırımı yalnız Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də gündəmində saxlanmalı, bu vəhşilik dünya birliyi tərəfindən hüquqi-siyasi qiymətini almalıdır. Allah şəhidlərimizə rəhmət etsin!