“Kirayə mənzil artım dinamikası noyabra qədər davam edəcək” Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızının İqtisadiyyat.az-a müsahibəsi
- Günay xanım, yeni tədris ilinin başlaması və tələbələrin Bakıya qayıtması fonunda kirayə mənzil bazarında dinamika hansı istiqamətdə dəyişib?
- Əlbəttə, bu proses bazarda müəyyən dinamikanı dəyişib. Tələbələrin paytaxta axını ilə bağlı kirayə mənzillərə tələbat ciddi şəkildə artıb. Xüsusilə sentyabr ayının əvvəllərindən etibarən tələb artımı fonunda təklif nisbətən məhdud qaldığından qiymətlərdə yuxarı istiqamətli hərəkətlənmə müşahidə olunur. İlkin qiymətləndirmələrə əsasən, kirayə bazarında son aylarda orta hesabla 10-12 faiz artım qeydə alınıb. Əslində bu, ənənəvi haldır. Demək olar ki, hər il oxşar mənzərə ilə üzləşirik. Çünki ali təhsil müəssisələrinin əksəriyyəti Bakı şəhərində yerləşir. Tələbə yataqxanalarının da sayı çox deyil və bu xüsusda qiymətlərin artması gözlənilən idi.
- Artım əsasən hansı tip mənzillərdə və ərazilərdə özünü daha çox göstərir?
- Ən çox artım 1 və 2 otaqlı mənzillər seqmentində müşahidə olunur. Çünki tələbələrin və gənc mütəxəssislərin marağı əsasən bu tip mənzillərədir. Ərazi baxımından isə Yasamal, Nəsimi, Səbail və Nərimanov rayonlarında qiymət artımı daha aydın hiss olunur. Bu zonalar həm nəqliyyat əlverişliliyi, həm də universitet və iş yerlərinə yaxınlıq baxımından üstünlük təşkil edir. Bundan əlavə, yeni tikililərdə yerləşən mənzillərin kirayə qiymətləri köhnə tikililərlə müqayisədə 20-25 faizədək daha yüksəkdir. Bu da təklifin keyfiyyət fərqi və rahatlıq səviyyəsi ilə bağlıdır. Valideynlər övladlarının komfort şəraitdə yaşamasında maraqlıdırlar və bu da öz növbəsində yeni tikili binalara olan marağı artırıb.
- Paytaxtın mənzil bazarında orta kirayə qiymətləri hazırda hansı həddədir?
- Paytaxtın mərkəzi hissələrində, məsələn, Nəsimi və Səbail rayonlarında 1 otaqlı mənzillərin kirayəsi 550-750 manat civarındadır. Yeni binalarda, xüsusilə mərkəzi ərazilərdə bu rəqəm bəzən 1000 manata qədər yüksəlir. Kənar ərazilərdə, məsələn, Binəqədi, Xətai, Suraxanı və Sabunçu rayonları istiqamətində isə qiymətlər bir qədər münasibdir. Lakin həmin zonalarda da müəyyən artım tendensiyası müşahidə olunur. Bu artım təkcə Bakı şəhərində deyil, Abşeron rayonunda da qeydə alınır. Bu zonalarda olan mənzillərə marağın artması fonunda burada da qiymət artımları müşahidə edilməkdədir.
- Bazarın gələcək dinamikası barədə nə deyə bilərsiniz? Artım davam edəcəkmi?
- Hazırda qiymət artımı əsasən tələbə axını ilə əlaqədardır və yəqin ki, bu təsir noyabr ayına qədər davam edəcək. Daha sonra bazar nisbətən sabitləşəcək. Amma uzunmüddətli baxdıqda, satış qiymətlərində artım və yeni tikililərin üstünlük qazanması kirayə bazarına da təzyiq göstərməkdə davam edəcək. Əgər tələbə yataqxanalarının sayı artırılsa və hökumət tərəfindən bu seqmentə dəstək mexanizmləri gücləndirilsə, kirayə bazarındakı təzyiq bir qədər azalacaq. Eyni zamanda universitetlərin şəhər kənarına köçürülməsi təşəbbüsləri gündəmə gətirilir ki, bu reallaşarsa, həm qiymətlərin nisbətən enməsinə, həm də paytaxt küçələrində tıxacların qarşısının alınmasına təsirsiz ötüşməyəcək.
- Azərbaycan Qiymətləndiricilər Palatası bu sahədə hansı rolu oynayır?
- Azərbaycan Qiymətləndiricilər Palatası olaraq daşınmaz əmlak bazarında baş verən prosesləri, o cümlədən kirayə seqmentini də diqqətlə izləyirik. Məqsədimiz bazar iştirakçılarını real dəyərlər barədə məlumatlandırmaq, şəffaf qiymət mexanizmlərinin formalaşmasına dəstək verməkdir. Qiymətləndirmə fəaliyyətinin düzgün qurulması həm sahibkarlar, həm də vətəndaşlar üçün ədalətli bazar münasibətlərini təmin edir. Məlum olduğu kimi, daşınmaz əmlak qiymətləndirmə fəaliyyətinin doqquz istiqamətindən biridir. Lakin açıq şəkildə söyləmək olar ki, ən vacib və strateji istiqamətlərdən biridir.
- Yekun olaraq, kirayə mənzil axtaran vətəndaşlara nə tövsiyə edərdiniz?
- Əvvəla, mənzil seçərkən müqavilə ilə rəsmiləşdirmə məsələsinə diqqət yetirmək lazımdır. Qanuni və şəffaf münasibətlər hər iki tərəfi qoruyur. Həmçinin bazarda tələsik qərar verməkdənsə, bir neçə alternativ variantı müqayisə etmək daha doğrudur. Kirayə qiymətləri qısa müddətdə dəyişkən ola bilər, amma düzgün seçim uzunmüddətli rahatlıq və təhlükəsizliyi təmin edir. İlkin və orta kurslarda oxuyan tələbələrin hər il yeni mənzil axtarışına çıxmasındansa, daimi kirayə mənzillərə sahib olması daha məqsədəmüvafiqdir. Artan qiymətlər fonunda bu, maliyyə cəhətdən də daha əlverişlidir.