2026-cı il dövlət büdcəsindən tikinti və şəhərsalma sahəsinə ümumilikdə 6 milyard 202 milyon 488 min 300 manat vəsait ayrılması nəzərdə tutulub. Bu, kifayət qədər böyük məbləğdir və həm infrastruktur, həm də mənzil sektoruna ciddi təsir göstərəcək. Ayrılan vəsaitin təqribən 2,7 milyard manatı investisiya layihələrinə, 3,5 milyard manatı isə azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə yönələcək. Belə iri miqyaslı dövlət xərcləmələri tikinti sektorunda aktivliyi artırmaqla yanaşı, qısa və orta müddətdə daşınmaz əmlak bazarına da qiymət təzyiqi formalaşdıracaq.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib.
Onun sözlərinə görə, son illərin statistikasına baxdıqda mənzil bazarında davamlı artım tendensiyası müşahidə olunur və son beş ildə qiymətlər təxminən 46%, 2024-cü ildə isə təqribən 10% yüksəlib:
“Dövlətin bu həcmdə yeni tikinti və şəhərsalma investisiyası həyata keçirməsi, xüsusilə də bərpa olunan bölgələrdə infrastruktur işlərinin genişlənməsi material, texnika və əmək resurslarına tələbi artıracaq. Bu isə öz növbəsində tikinti maya dəyərinin yüksəlməsi və mənzil bazarında qiymət artımının davam etməsi ehtimalını gücləndirir”.
Sədr müavini söyləyib ki, qiymət artımının miqyası bir sıra amillərdən, o cümlədən layihələrin icra sürəti, tenderlərin başlama vaxtı, bank sektorunun ipoteka siyasəti, valyuta sabitliyi və inflyasiya səviyyəsindən asılı olacaq: “Lakin bazar təcrübəsinə əsaslanaraq demək olar ki, 2026-cı ildə daşınmaz əmlak qiymətlərində orta hesabla 6–12% artım gözlənilir. Bakı və iri şəhərlərdə bu artım diapazonun yuxarı həddinə yaxın ola bilər. Azad edilmiş torpaqlarda isə ilkin mərhələdə infrastrukturun formalaşması torpaq və tikinti qiymətlərində daha çevik dəyişikliklərə səbəb ola bilər”. G.İsmayılqızı qeyd edib ki, bununla belə 2026-cı ilin birinci rübündə kəskin sıçrayış gözlənilmir: “Büdcə vəsaitinin ayrılması ilə real təsirin yaranması arasında müəyyən zaman fərqi olur. Layihələrin icrası mərhələli başladığından, ilkin təsir daha çox bazar gözləntilərində və investorların qərarlarında özünü göstərəcək. Qısa müddətdə (birinci rübdə) qiymətlərin 1–3% civarında yüngül artımı mümkündür, amma əsas dinamika ilin ikinci yarısında hiss ediləcək”.
Sədr müavini deyib ki, ümumilikdə, qiymət artımına təsir edən əsas amillər sırasında tikinti materialları və əmək xərclərinin bahalaşması, ipoteka kreditlərinə çıxış imkanları, torpaq bazarındakı məhdud təklif və iri dövlət layihələrinin spekulyativ gözləntilər yaratması qeyd olunmalıdır:
“Dövlət investisiyalarının regionlara yönəlməsi mənzil bazarının coğrafiyasını da dəyişəcək. Gələn ildən etibarən təkcə Bakı deyil, həm də Qarabağ və Şərqi Zəngəzur istiqamətində aktiv tikinti mühitinin formalaşacağı gözlənilir. Nəticə etibarilə, 2026-cı il tikinti və şəhərsalma xərcləri bazarda hərəkətliliyi artıracaq və qiymətlərə yuxarı istiqamətli təzyiq yaradacaq. Bu proses idarəolunan şəkildə baş verərsə, sektor üçün həm iqtisadi aktivlik, həm də investisiya cazibədarlığı baxımından müsbət nəticə doğura bilər. Lakin bazarın taraz qalması üçün təklifin genişlənməsi, ipoteka və maliyyə mexanizmlərinin əlçatan saxlanılması da vacib olacaq. Büdcədən ayrılan 6,2 milyard manatlıq vəsait tikinti sektoruna yeni impuls verəcək. Bu, qısa müddətdə tikinti xərclərini və material bazarını aktivləşdirəcək, nəticədə daşınmaz əmlak qiymətlərində də artım təzyiqi yaranacaq. Amma qiymətlərin nə dərəcədə yüksələcəyi layihələrin icra sürətindən və ümumi iqtisadi sabitlikdən asılı olacaq”.