Mənzil bazarında aktivlik artıb, qiymətlər 15 faizə qədər yüksəlib

Mənzil bazarında aktivlik yüksəkdir və həm yeni, həm də köhnə tikililərə maraq artıb. Bazar dinamikası bu tendensiyanı göstərir.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib.

O qeyd edib ki, şəhərin mərkəzi və prestijli rayonlarında yeni tikilmiş mənzillərə tələbat xüsusilə yüksəkdir: “Alıcılar müasir infrastruktura malik, komfortlu, enerjiyə qənaət edən binalara üstünlük verirlər. Bu tendensiya həm daxili alıcılıq qabiliyyətinin bərpası, həm də xarici investorların, alıcıların marağı ilə bağlıdır. Nəticədə son dövrdə yeni tikililərin qiymətləri bəzi ərazilərdə 10–15 faiz artıb və yaxın illərdə artım dinamikası davam edəcək".

Palata rəsmisi bildirib ki, köhnə tikililərə də maraq çoxdur: “Xüsusilə mərkəzi və əlverişli ərazilərdə yerləşən mənzillər üzrə satışlar aktivdir. Köhnə tikililərin qiymətləri yeni tikililərə nisbətən bir qədər aşağı olsa da, son dövrdə burada da 5–8 faiz civarında artım müşahidə edilir. Alıcılar əsasən yerləşməyə, kommunikasiya və infrastruktur imkanlarına üstünlük verirlər. Ümumilikdə qiymət artımlarını şərtləndirən faktor daşınmaz əmlakın cəlbedici investisiya vasitəsi olması, əhalinin ipoteka kreditləri ilə mənzil almaq imkanları və Bakı şəhərinin megapolisə çevrilməsi, regionlardan paytaxta olan axındır”.

Fotolar