2 ilə yaxındır ki, Azərbaycanda "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun qüvvədədir. Bu qanuna uyğun olaraq ölkədə Qiymətləndiricilər Palatası (AQP) yaradılıb. Palata qiymətləndirmə sahəsinin tənzimlənməsi, inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması üçün fəaliyyət göstərir. Bu sahədə vəziyyət, gözlənilən yeniliklər, ESG (ekoloji, sosial və korporativ idarəetmə) meyarlarının qiymətləndirməyə inteqrasiyası barədə "Report"un suallarını AQP-nin sədri Nüsrət İbrahimov cavablandırıb:
-
"Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulu ilə qiymətləndirmə sektoru yeni mərhələyə qədəm qoydu. Beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi Azərbaycanın qiymətləndirmə sektorunu hansı istiqamətdə dəyişdirir?
-
Yeni qanunun qəbulu ölkəmizdə qiymətləndirmə fəaliyyətini tamamilə yeni hüquqi və institusional çərçivəyə daşıdı. Məlumdur ki, ötən əsrin 90-cı illərində qəbul edilən qanun layihəsi müasir dövrün çağırışlarına cavab vermirdi və yeni dövrün tələblərinə uyğunlaşdırılmalı idi. Faktiki olaraq ölkədə qiymətləndirmə sektoru tənzimlənmirdi və bu da öz növbəsində müxtəlif problemlərə yol açırdı. Peşəkar qiymətləndirmə rəylərinin hazırlanmasına, şəffaflığın qorunmasına nəzarət yox dərəcəsində idi. "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulu sektorda keyfiyyətcə yeni mərhələyə keçidin əsasını qoydu. Bu sənəd qiymətləndirmə fəaliyyətinin əsas prinsiplərini beynəlxalq təcrübə ilə uyğunlaşdırdı. Artıq qiymətləndirici yalnız yerli bazarın iştirakçısı deyil, həm də qlobal iqtisadi proseslərdə etibarlı tərəfdaş rolunu oynayır. Qanunun əsas müddəalarından biri də AQP-nin təsis olunması ilə bağlıdır. Ötən ilin noyabrında Palata təsis olundu və təvazökarlıqdan uzaq olsa da, ötən dövr ərzində kifayət qədər məhsuldar fəaliyyət göstərdi. Əsas diqqətimiz Beynəlxalq qiymətləndirmə standartlarının tətbiqinə yönəlib ki, bu, hesabatların dünya miqyasında qəbul edilə biləcək səviyyədə hazırlanmasını təmin edəcək. Bu, həm xarici investorlar, həm də beynəlxalq maliyyə institutları üçün şəffaflıq və etibarlılıq deməkdir.
Ən mühümü isə odur ki, yeni qanun qiymətləndirici institutları və peşəkarları daha məsuliyyətli, şəffaf və etik fəaliyyətə təşviq və təhrik edir. Hesabatların keyfiyyətinə nəzarət güclənir, nəticədə həm dövlət qurumları, həm biznes strukturları, həm də vətəndaşlar üçün daha güvənilən qiymətləndirmə mühiti formalaşır. Nəzərə alanda ki, qiymətləndirmə ekosistemin vacib komponentidir, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi inkişafı təmin etmək üçün bu sektor da yenilənməli idi. Son illərdə ölkəmizdəki iqtisadi inkişafa müvafiq olaraq qiymətləndirmə sahəsinə olan maraq da artır və qiymətləndirici rəyləri iqtisadi inkişafın təminatında mühüm rol oynayır. Qiymətləndiricilər üçün peşəkar inkişaf kurslarının təşkili, elmi-metodoloji bazanın və qiymətləndirmə sahəsində normativ-hüquqi aktların hazırlanaraq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, dövlət, qeyri-dövlət və beynəlxalq təsisatlarla əməkdaşlığın artırılması ilə Azərbaycan Qiymətləndiricilər Palatası olaraq prosesin sürətlənməsinə çalışırıq.
-
Qiymətləndirmə xidmətlərində şəffaflığın artırılması istiqamətində hansı praktiki yeniliklər nəzərdə tutulur?
-
Bu sahədə ən ciddi yeniliklərdən biri vahid elektron platformanın yaradılmasıdır. Bütün qiymətləndirmə hesabatları bu sistemdə qeydiyyata alınacaq və hər hesabat özünəməxsus QR kodla təchiz ediləcək. Bu, həm dövlət qurumlarının, həm də bazar iştirakçılarının hesabatın həqiqiliyini dərhal yoxlamasına imkan verəcək. Bununla da uzun müddətdir müzakirələrə səbəb olan sifarişçi və icraçı arasında etimad mühitinin artırılmasına nail olunacaq. Çünki şəffaflığın artması yalnız korrupsiya risklərinin qarşısını almaq deyil, həm də bazarda etimadı möhkəmləndirməkdən keçir. İnvestor və vətəndaş biləcək ki, təqdim olunan qiymətləndirmə rəyi təsdiqlənib və sistemdə qeydiyyatdan keçib. Digər tərəfdən, rəqəmsal transformasiya qiymətləndiricilərə geniş imkanlar açır. Big data analitikası, elektron bazalar və yeni texnologiyalar dəyərin hesablanmasını daha obyektiv və dəqiq edir. Yaxın zamanda elektron platformanı təqdim edəcəyik.
-
Müasir dövrdə ESG (ekoloji, sosial və korporativ idarəetmə) meyarlarının qiymətləndirməyə inteqrasiyası hansı zərurətdən qaynaqlanır?
-
Artıq dəyərin ölçülməsi yalnız maliyyə göstəricilərinə əsaslana bilməz. Əgər bir müəssisə ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq edirsə, sosial məsuliyyət layihələri həyata keçirirsə və idarəetmədə şəffaflıq prinsiplərinə sadiqdirsə, bu, onun bazar dəyərinə də təsir göstərməlidir. Xüsusilə daşınmaz əmlak bazarında, təbii resursların istifadəsində və iri bizneslərin qiymətləndirilməsində ESG faktorları həlledici olur. Dünyada investorların böyük qismi artıq ESG meyarlarını nəzərə alır. Bu, Azərbaycan qiymətləndiricilərinə də yeni məsuliyyətlər yükləyir: onlar yalnız texniki hesablamalarla kifayətlənməməli, sosial, ekoloji və institusional riskləri də qiymətləndirməyə daxil etməlidirlər. Bu isə həm biliklərin, həm də metodologiyaların yenilənməsini tələb edir. Hesab edirəm ki, bu proses qiymətləndirmə sahəsinin inkişafında əsaslı dönüş yaradacaq.
-
Ümumi olaraq AQP qarşıdakı dövrdə hansı prioritetləri reallaşdırmağı nəzərdə tutur?
-
Palatanın əsas məqsədi peşəkar mühiti gücləndirmək və ictimai maraqları qorumaqdır. Bunun üçün bir neçə strateji istiqamət müəyyən olunub. Bunlardan biri söylədiyim kimi, peşəkar inkişafdır. Qiymətləndiricilər üçün davamlı təlimlər, beynəlxalq sertifikat proqramlarının təşkili, bilik və bacarıqların yüksəldilməsi peşəkar inkişafı şərtləndirən başlıca amildir. Şəffaflıq və rəqəmsallaşma ilə elektron platformanın tam tətbiqi, hesabatların açıq və əlçatan olmasını, sektora ictimai inamın gücləndirilməsini təmin edəcək. Yeni metodologiyaların hazırlanması və beynəlxalq tendensiyaların ölkəmizə transferi, beynəlxalq əməkdaşlıq, qonşu ölkələr və beynəlxalq təşkilatlarla təmasların dərinləşdirilməsi, təcrübə mübadiləsi və qabaqcıl praktikanın gətirilməsi və ən nəhayət ictimai etibarın artırılması qarşımızda duran əsas hədəflərdir. Qiymətləndiricinin yalnız iqtisadi yox, sosial məsuliyyət daşıyıcısı kimi qəbul olunması vacibdir və bu faktor nəzərdən qaçırıla bilməz. AQP olaraq əminik ki, bu hədəflərin reallaşdırılması peşənin nüfuzunu artıracaq, iqtisadiyyata və investisiya mühitinə müsbət təsir göstərəcək və ictimai etimadı gücləndirəcək.