Qiymətləndiricinin etik davranış qaydaları

QİYMƏTLƏNDİRİCİNİN ETİK DAVRANIŞ

QAYDALARI

1 Ümumi müddəalar

1.Qiymətləndiricinin etik davranış qaydaları (bundan sonra – Qaydalar) “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, (bundan sonra – Qanun)  digər əlaqəli qanunvericilik aktları,   Beynəlxalq Qiymətləndirmə Standartları (bundan sonra - BQS), Milli Qiymətləndirmə Standartları (Bundan sonra – AMQS), Qiymətləndiricilər Palatasının (bundan sonra – Palata) Nizamnaməsinin tələbləri rəhbər tutulmaqla, qiymətləndirmə praktikası nəticəsində yaranmış peşəkar prinsiplərə əsasən tərtib edilib.

2.Bu Qaydalar Azərbaycan Respublikasında fəaliyyət göstərən Palata üzvlərinin peşəkar fəaliyyətinin etik və ya qeyri-etik olmasını müəyyənləşdirməyə imkan verən ümumi meyarları müəyyən edir.

3.Qaydaların məqsədi Azərbaycan Respublikasında qiymətləndiricilərin peşəkar fəaliyyətinə ictimai etimadın,  qiymətləndirmə xidmətlərinin yüksək keyfiyyətinin təmin edilməsi, bunun üçün səylərin birləşdirilməsi və fəaliyyətə zərər verə biləcək hərəkətlərdən çəkindirilməsindən ibarətdir.

4.Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün qiymətləndiricilər və qiymətləndirmə fəaliyyətini həyata keçirən təşkilatlar bu Qaydalara əməl etməyə borcludur.

5.Bu Qaydaların tələblərinin qiymətləndiricilər tərəfindən pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün əsasdır.

2 İstifadə edilmiş əsas anlayışlar

2.1 Ehtimal – qiymətləndirilən obyektin dəyərinə və ya qiymətləndirmə yanaşmalarına təsir edən faktlar, şərtlər və hallar haqqında doğru kimi qəbul edilən bir fərziyyə, habelə qiymətləndirmə prosesində qiymətləndirici tərəfindən yoxlanılması tələb olunmayan, onların düzgünlüyünün təsdiqi üçün qiymətləndiricinin xüsusi araşdırmasına ehtiyac olmayan və ya araşdırılması mümkün olmayan hallardır.

2.1.2 Məhdudlaşdırıcı şərt – qiymətləndirmə prosesində qiymətləndiricinin imkanlarını məhdudlaşdıran və ya qiymətləndirmənin nəticələrinə təsir edən bir şərt və ya vəziyyətdir. Məhdudiyyətlər müxtəlif sahələrə aid ola bilər, o cümlədən:

2.2 Məlumatın çatışmazlığı – qiymətləndirmə aparmaq üçün lazım olan bütün məlumatlara əlçatanlığın məhdud olması və ya məlumatların tam şəkildə toplanmasının mümkün olmaması (məsələn, dəqiq maliyyə hesabatları, bazar məlumatları olmaması və ya qiymətləndirilən obyektə məhdud giriş və s.);

2.3 Zaman və resurslar_ – qiymətləndirmənin yerinə yetirilməsi üçün məhdud vaxtın olması və ya hərtərəfli tədqiqat aparmaq üçün lazım olan resursların olmaması;

2.4 Metodoloji məhdudiyyətlər_ – müəyyən qiymətləndirmə metodlarının istifadə edilməsi, bu metodlar xüsusi hal üçün ən uyğunu olmasa da, məhdudiyyətlər (məsələn, qanunvericilik və ya normativ tələblər) səbəbindən tələb olunur;

2.5 Hüquqi məhdudiyyətlər_ – qanunvericiliklə bağlı məhdudiyyətlər, qiymətləndirmə prosesinə təsir göstərə biləcək məsələlər (məsələn, müəyyən məlumatların istifadəsinin məhdudlaşdırılması və ya xüsusi qanunvericilik tələblərinin nəzərə alınması);

2.6 Fiziki və ya texniki məhdudiyyətlər_ – qiymətləndirilən obyektə baxış keçirmək üçün məhdudiyyətlərin olması və ya qiymətləndirmə üçün mövcud olan, lakin qismən və ya köhnəlmiş məlumatlara əsaslanmağın lazım olması.

2.7 Məhdudlaşdırıcı şərtləri aşağıdakı subyektlər qoya bilərlər:

  • Müştərilər (qiymətləndiriciyə  bir və ya daha çox əhəmiyyətli amilləri tam tədqiq etməyə icazə verilmədikdə, bu qiymətləndirməyə təsir göstərə bilər).
  • Qiymətləndiricilər (qiymətləndiricinin yazılı razılığı olmadan müştərinin qiymətləndirmə hesabatını  və ya onun hər hansı bir hissəsini, yaxud da qiymətləndiriciyə aid sənədləri dərc və hesabatda göstərilmiş məqsədlərdən kənar istifadə etmək hüququ olmadığı hallarda).

2.8.Maraqların toqquşması – qiymətləndiricinin şəxsi və ya peşə maraqları, eləcə də işəgötürənin biznes maraqları nəticəsində qiymətləndiricinin müvafiq qanunvericiliyə, Palatanın daxili sənədlərinə və bu Qaydalara uyğun olaraq peşə fəaliyyətini düzgün yerinə yetirə bilməyəcəyi vəziyyətlərin yaranması və ya yaranma ehtimalıdır.

2.9 Dempinq – bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə malların (xidmətlərin) daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır.

3 Etik davranış qaydalarının əsas prinsipləri

3.1 Dürüstlük Qiymətləndirici peşə fəaliyyəti zamanı Azərbaycan Respublikasının qanunlarına və digər normativ aktlara ciddi şəkildə əməl etməlidir.

3.2 Qiymətləndirici öz peşəkar ixtisaslarını və mövcud peşəkar təcrübəsini bilərəkdən yanlış təqdim etməməli, yanlış ifadə və ya bəyanatlar verməməlidir.

3.3 Qiymətləndirici müştəriləri cəlb etmək məqsədilə bilərəkdən saxta, çaşdırıcı, şişirdilmiş və yə təhrifedici məlumatlardan istifadə etməməlidir.

3.4 Qiymətləndirici bilərəkdən saxta, təhrif edilmiş, qeyri-dəqiq və ya qərəzli nəticə və təhlillərdən ibarət qiymətləndirmə hesabatları tərtib etməməlidir.

3.5 Qiymətləndirici qiymətləndirmə xidmətlərinin sifarişçisinə, qiymətləndirmə nəticəsinin istifadə imkanları və məhdudiyyətləri barədə yanlış fikir formalaşmasına yol verməməlidir.

4 Obyektivlik

4.1 Qiymətləndirici fəaliyyətini tərəfsiz şəkildə, şəxsi üstünlüklərə (mənfəətlərə) və ya xarici təzyiqlərə deyil, faktlara, peşəkar standartlara və metodologiyalara əsaslanaraq həyata keçirməlidir.

4.2 Qiymətləndirici öz fəaliyyətində şəxsi maraqlardan uzaq durmalı və ya  kənar təsirlərdən asılı olmamalıdır.

4.3.Qiymətləndirici doğruluğu ehtimal edilən məlumatlardan və əsaslandırılmış qiymətləndirmə metodlarından istifadə etməlidir.

4.4 Qiymətləndirici qiymətləndirmə fəaliyyətini sifarişçiyə, cəmiyyətə, öz peşəsinə və  Palatanın maraqlarına zərər vurmadan həyata keçirməlidir.

5.Vicdanlılıq

5.1 Qiymətləndirici səhv, qeyri-dəqiq və ya qabaqcadan müəyyənləşmiş rəyə və təhlilə əsaslanan hesabatlar tərtib etməməlidir.

5.2 Qiymətləndirici işdə iştirak edən və ya onun tərəfindən işə cəlb olunan mütəxəssislərin bu Qaydalara riayət etməsini təmin etməlidir.

5.3 Qiymətləndirici öz fəaliyyəti zamanı müqavilə şərtlərinə və mülki qanunvericiliyin tələblərinə, müvafiq şərtlər və tələblər olmadıqda, Qaydalardan irəli gələn tələblərə uyğun hərəkət etməlidir.

6 Səriştəlilik

6.1 Qiymətləndirici qiymətləndirmə tapşırıqlarını effektiv şəkildə yerinə yetirmək üçün mövcud qanunvericilik və Palatanın daxili sənədləri ilə müəyyən edilmiş tələblərə uyğun olaraq kifayət qədər bilik, bacarıq və təcrübəyə malik olmalıdır.

6.2 Qiymətləndirici öz bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini daim təkmilləşdirməlidir.

6.3 Əgər qiymətləndiricinin səriştəsi qarşısına qoyulmuş tapşırığın yerinə yetirilməsinə uyğun deyilsə, o, bu barədə müştəriyə və işəgötürənə məlumat verməli və onların razılığı ilə qiymətləndirmənin icrasına zəruri ixtisasa malik mütəxəssislərin cəlb olunması üçün tədbirlər görməlidir. Əgər lazımi ixtisasa malik şəxsləri qiymətləndirməyə cəlb etmək mümkün deyilsə, qiymətləndirici tapşırıqdan vaxtında imtina etməli və bu barədə müştəriyə və işəgötürənə məlumat verməlidir. Mütəxəssislərin məlumatları və onların iştirak səviyyəsi qiymətləndiricinin hesabatında göstərilməlidir.

7.Qərəzsizlik

7.1 Qiymətləndirici hər hansı şəxsi, maliyyə və ya peşə maraqlarının qiymətləndirmə prosesinə və nəticələrinə təsir etməsinə yol verməməlidir.

7.2 Maraqların toqquşmasının yaranma ehtimalı olduqda, bu hal dərhal bildirilməli və tapşırıqdan imtina edilməlidir.

7.3 Qiymətləndirici heç bir tərəfin təsiri və ya təzyiqi altında olmadan, yalnız qanunvericiliyə, peşəkar standartlara və etik prinsiplərə uyğun fəaliyyət göstərməlidir.

8 Məxfilik

8.1 Qiymətləndirici qiymətləndirmə fəaliyyətini həyata keçirərkən əldə edilmiş məlumatların məxfiliyini təmin etməli və bu məlumatları qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə açıqlamamalıdır.

8.2 Qiymətləndirici fəaliyyəti zamanı əldə etdiyi məxfi məlumatlardan özünün və ya üçüncü şəxslərin hər hansı mənfəət və ya üstünlük əldə etməsi məqsədilə istifadə etməməlidir.

8.3 Qiymətləndirici tapşırığı yerinə yetirdikdən sonra, eləcə də işəgötürənlə əmək münasibətləri dayandırıldıqdan sonra da peşəkar fəaliyyəti zamanı əldə etdiyi məlumatların məxfiliyini qorumağa borcludur. Qiymətləndirmə fəaliyyəti nəticəsində əldə edilmiş məlumatların məxfiliyinin təmin edilməsi zaman və məkanla məhdudlaşdırılmır.

8.4 Qiymətləndirici məxfi məlumatların qeyri-ixtiyari şəkildə açıqlanması ehtimalını nəzərə almalı və peşəkar fəaliyyəti zamanı əldə edilən məlumatların məxfiliyini, hətta peşəkar mühitdən kənarda da təmin etməlidir.

8.5 Qiymətləndirici işəgötürən təşkilat daxilində də məxfi məlumatların qorunmasına riayət etməli və əməkdaşlıq etdiyi şəxslərin, habelə ona məsləhət və ya yardım göstərən şəxslərin məxfilik öhdəliyinə riayət etməyi təmin etmək üçün bütün ağlabatan tədbirləri görməlidir.

8.6 Qiymətləndirici məxfi məlumatların açıqlanmasına razılıq vermək səlahiyyətinə malik şəxsin yazılı razılığı olduğu halda, həmin məlumatları açıqlamaq hüququna malikdir.

9 Qiymətləndiricilərin sifarişçilər ilə münasibətləri

9.1 Qiymətləndirici qiymətləndirmə hesabatının icrası üçün müqavilə bağlanmazdan əvvəl tapşırığı dəqiq şəkildə müəyyən etməlidir.

9.2.Qiymətləndirmə hesabatında istifadə dairəsinin hüdudları, məqsədləri və qiymətləndirmə nəticələrinin nəzərdə tutulan istifadəsi aydın və dəqiq şəkildə göstərilməlidir.

9.3 Qiymətləndirmə haqqında müqavilənin imzalanmasınadək qiymətləndirici iş keyfiyyətinin və tapşırığın icrasının məqbul müddətdə mümkün olmadığı hallarda qiymətləndirmə tapşırığını icra etməkdən imtina etməlidir.

9.4 Qiymətləndirmə hesabatları başa düşülən şəkildə tərtib edilməli, xüsusi termin və anlayışlar hesabatda izah edilməlidir.

9.5 Qiymətləndirmə hesabatında bütün əhəmiyyətli göstəricilər üzrə hesablamalar yer almalıdır.

9.6 Qiymətləndirmədə müxtəlif yanaşmalarla əldə edilən nəticələrin razılaşdırılması əsaslandırılmalıdır.

9.7 Qiymətləndirmə hesabatında istifadə olunan ehtimallar və məhdudlaşdırıcı şərtlər düzgün əsaslandırılmalı, hesabatda əks olunmalı və onların nəticələrə təsiri izah edilməlidir.

9.8 Qiymətləndirici müştəriyə göstərdiyi xidmətin tarifləri haqqında əvvəlcədən məlumat verməlidir.

9.9 Qiymətləndirmə hesabatı müstəqil, obyektiv və qərəzsiz, şəxsi maraqlar nəzərə alınmadan hazırlanmalıdır.

10 Qiymətləndiricilərin dövlət, bələdiyyə orqanları və vəzifəli şəxslərlə münasibətlər

10.1 Dövlət mülki hüquq münasibətlərinin tərəfi olduğuna görə, qiymətləndirmə xidmətlərinin istehlakçısı qismində onunla olan münasibətlərə bu Qaydaların tələbləri də şamil edilir.

Dövlət qiymətləndirmə sahəsində qanunvericilik aktlarının  formalaşdırılmasında çıxış edən subyekt olduğu üçün onun münasibətlərdə bu Qaydaların tətbiqinin aşağıdakı xüsusiyyətləri mövcuddur:

10.2 Dövlətin iqtisadi siyasətinin effektivliyi üçün zəruri bir alət kimi müstəqil, peşəkar qiymətləndirici statusunun formalaşdırılması və dəstəklənməsi.

10.3 Qiymətləndiricilər arasında qarşılıqlı şəffaflıq və vicdanlı rəqabət prinsipləri əsasında dövlət orqanları ilə əməkdaşlığın təşviq edilməsi.

10.4 Məcburi qiymətləndirmə zamanı qiymətləndiricilərin seçilməsində hüquq bərabərliyi və şəffaflıq prinsiplərinin təmin edilməsi.

11 Qiymətləndiricilərin qarşılıqlı münasibətləri

11.1 Qiymətləndiricilər tərəfindən qiymətləndirmə xidmətlərinin keyfiyyəti və peşəkarlığı əsasında formalaşan ədalətli və vicdanlı rəqabət prinsiplərinə riayət edilməlidir.

11.2 Qiymətləndiricilər qiymətləndirmə fəaliyyətləri ilə bağlı bu Qaydalarla müəyyən edilən prinsiplərinə riayət edilməsini təmin etməlidir.

11.3 Qiymətləndiricilər qarşılıqlı hörmət əsasında fəaliyyət göstərməlidir.

11.4 Qiymətləndiricilər əvvəlcədən müəyyən edilmiş və ya razılaşdırılmış nəticələrə əsaslanan qiymətləndirmənin və  qeyri-peşəkar fəaliyyətin aradan qaldırılması üçün açıq şəkildə birgə mübarizə aparmalıdırlar.

11.5 Qiymətləndirici, Palatanın müvafiq nəzarət orqanı tərəfindən digər qiymətləndiricilərin hesabatlarına rəy verilməsi zamanı qərəzsiz mövqe nümayiş etdirməli, rəy bildirilən hesabatların nəticələri ilə razılaşmaq və ya razılaşmamağın səbəblərini əsaslandırılmış şəkildə təqdim etməlidir.

12 Qiymətləndiricilərlə qiymətləndirici təşkilatlar arasında münasibətlər

12.1 Qiymətləndirici təşkilatın (işəgötürənin) və ya onun vəzifəli şəxslərinin qiymətləndirmənin obyektiv aparılmasına mane olan əməllərinin qiymətləndiricinin peşəkar mövqeyinə təsir etməsinə yol verilməməlidir.

12.2 Qiymətləndirici təşkilat (işəgötürən) tərəfindən təqdim olunan qiymətləndirmə hesabatlarının qiymətləndirmə standartlarına uyğunluğu, istifadə olunan metodologiya və məlumatların əsaslandırılması təmin edilməlidir.

12.3 Əgər qiymətləndirici təşkilat (işəgötürən) tərəfindən qiymətləndirmənin əvvəlcədən müəyyən edilmiş nəticələrə və/və ya əvvəlcədən razılaşdırılmış rəy və nəticələrə nail olmaq məqsədilə aparılması barədə göstəriş verilibsə, qiymətləndirici bu qiymətləndirmənin aparılmasından imtina etməlidir.

12.4 Qiymətləndirici qiymətləndirici təşkilatla (işəgötürənlə) əmək münasibətləri bitdikdə, yaxud eyni zamanda başqa şirkətdə işlədiyi və ya fərdi sahibkar kimi fəaliyyət göstərdiyi hallarda, qazandığı peşəkar bacarıqlar istisna olmaqla, qiymətləndirici təşkilatın (işəgötürənin) sənədlərindən və kommersiya sirri təşkil edən digər məlumatlarından istifadə etməməlidir.

12.5 Qiymətləndirici təşkilat (işəgötürən) qiymətləndirmə hesabatlarının hazırlanmasında iştirak edən qiymətləndiricilərin və cəlb edilmiş digər mütəxəssislər tərəfindən  qiymətləndirmə fəaliyyəti ilə bağlı məxfilik tələblərinin pozulmasına görə məsuliyyət daşıyır.

13 Palatanın orqanları ilə qiymətləndiricilər arasında münasibətlər

13.1 Qiymətləndirici və qiymətləndirici təşkilat Palatanın orqanlarının qəbul etdiyi qərarlara və digər normativ aktlara hörmətlə yanaşmalı, onlara əməl etməlidir.

13.2 Palatanı təmsil etmək, onun adından çıxış etmək yalnız bu barədə Palatanın Rəyasət Heyətinin sədri tərəfindən səlahiyyət verildiyi təqdirdə həyata keçirilə bilər.

13.3 Palatanın orqanları qanunvericilikdə nəzərdə tutulmuş hallarda Palatanın ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid olan məsələlərə dair layihələrin müzakirəsi, onlara dair irad və təkliflərin təqdim edilməsi üçün 10-20 iş günü müddətini təmin etməlidir. Zəruri hallarda müddət 1 (bir) dəfədən artıq olmayaraq artırıla bilər.

13.4 Palataya qiymətləndirmə hesabatları haqqında yanlış məlumatların təqdim edilməsi yolverilməzdir.

13.5 Qiymətləndirici və ya qiymətləndirici təşkilat barədə daxil olmuş şikayət, barəsində başlanmış intizam araşdırması, tətbiq olunmuş tədbirlər qanunvericiliyin tələb etdiyi hallardan başqa digər hallarda açıqlana bilməz.

14 Maraqların toqquşmasının yolverilməzliyi

14.1 Qiymətləndirici eyni iş daxilində tərəflərin razılığı əsasında iki və daha çox tərəfin sifarişini yerinə yetirə bilər.

14.2 Qiymətləndirici maraqların toqquşması halı və qiymətləndirmənin aparılmasına qanunvericilikdə qoyulmuş məhdudiyyətlər barədə qiymətləndirmə haqqında müqavilə imzalanmadan qabaq məlumat verməli və belə halların yaranmaması üçün qabaqlayıcı tədbirlər görməlidir.

14.3 Qiymətləndirici tapşırığı yerinə yetirərkən maraqların toqquşması halı və ya qiymətləndirmənin aparılmasına qanunvericilikdə qoyulmuş məhdudiyyətlər aşkar edərsə, bu barədə sifarişçiyə dərhal yazılı məlumat verməli və qiymətləndirməni aparmaqdan imtina etməlidir.

15 Qaydaların tələblərinin pozulmasına görə intizam məsuliyyəti

15.1 Bu Qaydaların pozulmasına görə Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirləri tətbiq edilir.

15.2 İntizam tənbehi tədbirlərinin tətbiqi zamanı törədilmiş əməlin ağırlığı, dəymiş zərərin həcmi, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi, əməli törətmiş qiymətləndiricinin şəxsi keyfiyyətləri, əməlin törədilmə şəraiti və bu kimi digər amillər nəzərə alınır.

15.3 Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş şifahi və ya yazılı xəbərdarlıq əməlin ilk dəfə törədilməsi zamanı aşağıdakı hallarda tətbiq edilir:

15.3.1 Qiymətləndirici, qiymətləndirmə xidmətlərinin sifarişçisinə, qiymətləndirmə nəticəsinin istifadə imkanları və məhdudiyyətləri barədə yanlış fikir formalaşmasına yol verdikdə;

15.3.2 Qərəzsizlik prinsipi pozulduqda;

15.3.3 Müştəriləri qiymətləndirmə nəticələrinin istifadəsi imkanları barədə bilərəkdən yanıltdıqda;

15.3.4 Qymətləndirmə tapşırığını, əgər bu qiymətləndirmə tapşırığında açıq şəkildə razılaşdırılmayıbsa, məlumatların əldə olunması mümkünsüz olduğu halda yerinə yetirmək və ya kifayət qədər məlumat toplanmasına imkan verməyən müddət ərzində yerinə yetirdikdə;

15.3.5 Eyni iş üzrə bir neçə tərəf üçün tərəflərin razılığı olmadan hesabat tərtib etdikdə;

15.3.6 Qiymətləndirmə xidmətlərinin ödənişi ilə qiymətləndirmə nəticələri arasında asılılığın olması halında;

15.3.7 Qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın  sənəd dəstinin (ixtisas şəhadətnaməsi, Palatanın üzvlük vəsiqəsi, peşə məsuliyyətinin sığorta şəhadətnaməsi və Palatanın digər daxili sənədlərinin) mövcudluğunu rəqabət üstünlükləri kimi təqdim etdikdə;

15.3.8 Vəzifəli şəxslərin qiymətləndirmə prosesinə və nəticələrinə təsir göstərdiyi hallarda qiymətləndirmə işlərinin aparılması halında;

15.3.9 Qiymətləndirici təşkilat (işəgötürən) tərəfindən keçmiş əməkdaşı olan qiymətləndiricinin peşəkar və şəxsi keyfiyyətlərinin tənqid edilməsi halında (istisna - həmin əməkdaşın qiymətləndirmə xidmətlərinin istehlakçısına, qiymətləndirmə peşəsinə və ya qiymətləndiriciyə zərər vurmasıdır);

15.4 Qiymətləndirici tərəfindən əməkdaşı olduğu və ya olmuş qiymətləndirici təşkilatın (işəgötürənin) iş fəaliyyətinə aid materialların razılıq olmadan açıqlanması və ya yayılması;

15.4.1 Qiymətləndiricinin və qiymətləndirici təşkilatın Palatanın orqanlarının qəbul etdiyi qərarlara və digər normativ aktlara bilərəkdən əməl etməməyi;

15.4.2 Palataya qiymətləndirmə hesabatları haqqında yanlış məlumatların təqdim edilməsi;

15.4.3 Maraqların toqquşması halında Qaydaların 9-cu maddəsinin tələbləri pozulduqda;

15.4.4 Palatanın Rəyasət Heyətinin mülahizəsinə əsasən, müəyyən etdiyi digər hallarda.

15.4.5 Qanunun 22.1.1-ci maddəsində nəzərdə tutulmuş töhmət əməlin ilk dəfə törədilməsi zamanı aşağıdakı hallarda tətbiq edilir:

15.4.6 Məxfilik prinsipinin pozulması halında;

15.4.7 Müştərinin qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın nüfuzu, peşəkarlıq səviyyəsi və ixtisaslaşması haqqında yanlış məlumatlandırılması halında;

15.4.8 Gələcək qiymətləndirmə nəticələrinə dair əsassız (yalan və ya şişirdilmiş) vədlər verdikdə;

15.4.9 Dövlət və bələdiyyə əmlakının, həmçinin torpaqların dövlət ehtiyacları üçün alınması üzrə qiymətləndirmə müsabiqələrinin keçirilməsi zamanı haqsız rəqabət hallarına yol verilməsi;

15.5 Fəaliyyət sahəsində inhisarçılığın yaradılmasına yönəlmiş qruplaşmalar, qabaqcadan əlbir olmaqla digər qiymətləndiricilərin müsabiqələrdən və xidmət sahəsindən uzaqlaşdırılması cəhdləri;

15.6 Müəllif hüquqlarının, xüsusən də intellektual mülkiyyət hüquqlarının pozulması halında;

15.7 Əmək münasibətləri bitdikdə qiymətləndirici və qiymətləndirici təşkilat tərəfindən, bir-birlərinə məxsus hər hansı sənədlərdən və ya digər məlumatlardan, o cümlədən həmin qiymətləndiricinin hazırlanmasında iştirak etdiyi qiymətləndirmə hesabatlarına aid məlumatlardan müəllif və intellektual mülkiyyət hüquqlarından başqa, digər mülki hüquqların pozulması ilə nəticələnə biləcək hallarda istifadə edilməsi;

15.8 Qiymətləndiricilər arasında ziddiyyətlərin və nifaqın təşviqi halında;

15.8.1 Kütləvi informasiya vasitələrində qiymətləndiricilərin bir-birinə qarşı ittiham, təhqir və böhtan xarakterli çıxışlara yol verildikdə;

15.8.2 Digər qiymətləndiricilərin nüfuzuna xələl gətirən məlumatların dərc olunması aşkar edildikdə, bu halda həmin məlumatların təkzib edilməsi məlumatı yaymış şəxs tərəfindən təmin edilmədikdə;

15.8.3 Qiymətləndirici təşkilatın (işəgötürənin) öz əməkdaşı olan qiymətləndiriciyə yalan məlumatlar və ya çaşdırıcı məzmun tərkibli qiymətləndirmə hesabatlarından istifadə etməyə və ya onları yaymağa icazə verməsi;

15.8.4 Palatanın Rəyasət Heyətinin sədri tərəfindən səlahiyyət verilmədiyi təqdirdə Palatanı təmsil etmək, onun adından çıxış etmək;

15.8.5 Qiymətləndirici və ya qiymətləndirici təşkilat barədə daxil olmuş şikayət, barəsində başlanmış intizam araşdırması, tətbiq olunmuş tədbirlər qanunvericiliyin tələb etdiyi hallardan başqa digər hallarda açıqlandıqda;

15.8.6 Palatanın Rəyasət Heyətinin mülahizəsinə əsasən, müəyyən etdiyi digər ağırlaşdırıcı hallarda.

15.8.7 Qanunun 22.1.2.3-cü maddəsində nəzərdə tutulmuş (üç) aydan 1 (bir) il müddətinədək qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququnun dayandırılması əməlin ilk dəfə törədilməsi zamanı aşağıdakı hallarda tətbiq edilir:

15.8.8 Bilərəkdən saxta, qeyri-dəqiq və ya qərəzli nəticə və təhlillərdən ibarət qiymətləndirmə hesabatları tərtib edildikdə;

15.8.9 Xidmət haqqının müəyyən edilmiş tariflərdən aşağı ödənilməsi (dempinq) halında.

15.9 Qaydaların digər maddələrinin pozulması halında törədilmiş əməlin xarakterindən və səbəb olduğu nəticələrdən asılı olaraq Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirlərindən biri tətbiq edilir.

15.9.1 Barəsində Qanunun 22.2-ci maddəsində nəzərdə tutulmuş şifahi və ya yazılı xəbərdarlıq tətbiq edilməsindən sonra 1 (bir) il ərzində qiymətləndirici Qaydaların tələblərini yenidən pozarsa, bu halda Qanunun 22.1.1-ci maddəsində nəzərdə tutulmuş töhmət tətbiq edilir.

15.9.2 Eyni vaxtda bir hərəkətlə Qaydaların iki və ya daha çox maddəsində nəzərdə tutulmuş tələblərin pozulması (pozuntuların məcmusu) zamanı daha yüngül intizam tənbehini daha ağır intizam tənbehi ilə əhatə etməklə qəti intizam tənbehi tətbiq edilir. 

16 Yekun müddəalar

16.1 Bu Qaydalar Palata üzvlərinin ümumi yığıncağı tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə zidd olmayan hissədə tətbiq edilir. Qaydalara dəyişiklik və əlavələrin edilməsi Palatanın ümumi yığıncağının müstəsna səlahiyyətinə daxildir.

16.2 Qiymətləndiricilər – Palata üzvləri tərəfindən Qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflər də daxil olmaqla, bu Qaydaların dəyişdirilməsi tələb edilən halların meydana gəlməsi zamanı müvafiq dəyişikliklər Palata üzvlərinin ümumi yığıncağı tərəfindən səsvermə yolu ilə həyata keçirilir. Palata üzvlərinin ümumi yığıncağı və yığıncaq nəticəsində səsvermə onlayn qaydada keçirilə bilər.