Qusarda keçirilmiş seminar

Qiymətləndiricilərdən hüquqi şəxslərin aktivləri və notariat sahəsində əməkdaşlıqla bağlı mühüm çıxışlar:

05 iyul 2025-ci il tarixində Qusar rayonunun füsunkar təbiətə malik “Şahdağ Hotel” kompleksində Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə “Hüquqi şəxslər, onların iştirakı ilə aparılan əməliyyatlarda notariusun iştirakının xüsusiyyətləri” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Tədbir hüquqi şəxslərin fəaliyyətində hüquqi və iqtisadi mexanizmlərin vəhdətini təmin edən peşəkar qurumların əməkdaşlığına həsr olunmuşdu. Seminarda Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nusrat İbrahimov “Hüquqi şəxslərin aktivlərinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. O, çıxışında vurğulamışdır ki, hüquqi şəxslərin aktivlərinin (o cümlədən daşınar və daşınmaz əmlak, müəssisələr, biuznesdə iştirak payları və s.) obyektiv və beynəlxalq standartlara uyğun qiymətləndirilməsi təkcə sahibkarlıq subyektlərinin maliyyə şəffaflığını artırmır, eyni zamanda notariat və məhkəmə-hüquq sistemində də ədalətli qərarların qəbuluna mühüm təsir göstərir. Qiymətləndirmə fəaliyyətinin hüquqi əməliyyatlarda — xüsusilə nizamnamə kapitalının formalaşdırılması, birləşmə və bölünmə prosesləri, əmlakın bölüşdürülməsi və ləğv prosedurlarında mühüm rol oynadığını qeyd edən sədr, bu sahədə notariusların və peşəkar qiymətləndiricilərin sıx əməkdaşlığının zəruriliyini vurğulamışdır. O, həmçinin, beynəlxalq təcrübədə bu əməkdaşlığın hüquqi təhlükəsizliyi və iqtisadi sabitliyi təmin edən əsas dayaqlardan biri kimi qiymətləndirildiyini bildirmişdir. Daha sonra Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, qiymətləndirici-ekspert Ramil Osmanlı “Azərbaycan Notariat Palatası ilə Azərbaycan Qiymətləndiricilər Palatası arasında əməkdaşlığın perspektivləri” mövzusunda çıxış etmişdir. O, son illər bu iki qurum arasında formalaşmaqda olan institusional əməkdaşlıq mexanizmlərini qeyd edərək, notariat aktlarının tərtibində istifadə edilən qiymətləndirmə hesabatlarının keyfiyyətinin artırılması, vahid metodoloji yanaşmaların tətbiqi və bu sahədə təlim-tədris təşəbbüslərinin birgə həyata keçirilməsi imkanlarını diqqətə çatdırmışdır. Ramil Osmanlı əlavə etmişdir ki, hazırda Azərbaycan Qiymətləndiricilər Palatası və Azərbaycan Notariat Palatası arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə bir sıra normativ və təşkilati təşəbbüslər nəzərdən keçirilir. Bunlara qiymətləndirmə hesabatlarının notarial sənədlərlə inteqrasiyasını təmin edən texnoloji platformaların yaradılması, notariuslar üçün qiymətləndirmə sahəsində ixtisasartırma proqramlarının təşkil olunması və qiymətləndiricilərlə notariuslar arasında peşəkar əlaqə mexanizmlərinin sadələşdirilməsi daxildir. Seminar iştirakçıları bu təşəbbüsləri yüksək qiymətləndirmiş və bildiriblər ki, hüquqi şəxslərlə bağlı əməliyyatlarda həm qiymətləndirmə, həm də notariat xidmətlərinin şəffaf və effektiv şəkildə həyata keçirilməsi hüquqi sabitliyin və investor etimadının əsas təminatlarından biridir.